Pandemiyanın təsiri tədricən səngiyir. Futbol komandaları isə yavaş-yavaş məşqləri bərpa edirlər. Hazırda müzakirə mövzularından biri də idmançıların psixoloji gərginlikdən sonra yarışlara necə nizamlanacağı ilə bağlıdır. Bu və digər məsələlərlə bağlı futbolçuların, habelə mütəxəssislər tez-tez açıqlama verirlər. Bu dəfə “Atletiko”nun futbolçusu Koke və “Arsenal”ın baş məşqçisi Mikel Arteta bu barədə fikirlərini bölüşüb.
İspaniyada karantin rejiminin qaydaları tədricən yüngülləşsə də, La Liqanın bərpası ilə bağlı rəsmi qərar verilməyib. Oyunların azarkeşsiz keçiriləcəyi isə demək olar ki, dəqiqdir. Bu məsələyə “Atletiko”nun futbolçusu Koke münasibət bildirib. 28 yaşlı yarımmüdafiəçi boş tribunaların önündə oynamağın qəribə olacağını deyib: “Əlbəttə ki, azarkeşsiz stadionlarda mübarizə aparmaqdan başqa çıxış yolumuz yoxdur. Əminəm ki, mənim kimi bütün futbolçular qəribə hisslər keçirəcək. Xüsusilə də doğma meydanda görməyə öyrəşdiyimiz ab-hava olmayacaq. Amma, hər halda yaşıl meydanlara qayıdacağıq deyə sevinməliyik”.
“Arsenal”ın baş məşqçisi Mikel Arteta da onlayn müsahibə verib. “Topçular” Premyer Liqada məşqi bərpa edən ilk komandalardan idi. İspaniyalı mütəxəsssis futbol üçün darıxdığını desə də, təmkinli olmağın vacibliyindən danışıb: “Pandemiya şəraitində hər şeyi mərhələli şəkildə etmək lazımdır. Tələsgənlik daha ciddi fəsadlara gətirib çıxara bilər. Hamımız futbol oynamaq istəyirik. Amma məsuliyyətsizlik etsək, görülən heç bir tədbirin əhəmiyyəti qalmayacaq”.
Mikel Arteta “Arsenal”ın məşq prosesindən də danışaraq təfərrüatlardan söz açıb: “Bildiyiniz kimi, hamı bazaya məşqə 5 dəqiqə qalmış, öz avtomobilində gəlir. Futboçular arasında cüzi təmas belə olmur. 1 saat hazırlıqdan sonra oyunçular evinə qayıdır. Biz öz növbəmizdə məşq edirik. Yəni hər şeyin qaydasında olduğunu açıqlayan kimi oynamağa hazır olmaq niyyətindəyik”.
Martın 13-də dayandırılan premyer liqanın nə vaxt bərpa olunacağı hələ məlum deyil. Qeyd edək ki, Mikel Arteta Böyük Britaniyada koronavirusa yoluxan ilk mütəxəssis kimi yadda qalmışdı.